"Futbol jurnalistikasına dəstək” layihəsi yekunlaşdı
Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi və Bakcell Şirkətinin birgə təşkil etdiyi “Azərbaycanda Futbol jurnalistikasına dəstək” layihəsinin bağlanış mərasimi baş tutub. İki ay davam etmiş layihənin yekunu olaraq iştirakçılara sertifikatlar paylanılmış və bir nəfər layihədə ən aktiv olan jurnalistə Böyük Britaniyanın Mançestr şəhərində bir həftəlik səyahət paketi mükafat olaraq təqdim edilmişdir.
Layihənin əsas məqsədi milli mətbuatda futbol üzrə ixtisaslaşan jurnalistlərin bilik və bacarıqlarını təkmilləşdirərək beynəlxalq standartlar səviyyəsinə çatdırılmasına dəstək olmaqdır. İki ay davam etmiş bu layihədə 4 günlük təlim sessiyası və 6 həftəlik online təlimlər keçirilmişdir.
Xüsusi təlim proqramı vasitəsilə jurnalistlərin futbol xəbərlərini yerli auditoriyaya daha maraqlı çatdırması üçün müasir medianın bütün üstünlükləri barəsində onlara məlumatlar verilmiş, eləcə də praktik məşğələlərlə yeni bilik və bacarıqlar aşılanmışdır. Futbol mövzuları üzrə təlimlər yerli mütəxəssislər, multimedia üzrə təlimlər isə yeni medianı dərindən bilən xarici mütəxəssis-Dan Mason tərəfindən keçirilmişdir.
Ümumilikdə bu layihəyə milli mətbuatda çalışan 15-ə yaxın jurnalist qatılmışdır. ANS TV-nin İdman Xəbərləri verilişinin jurnalist-aparıcısı Kənan Hakimov layihədə aktiv olması və verilən tapşırıqları uğurla yerinə yetirdiyinə görə layihənin ali mükafatı sayılan - Böyük Britaniyanın Mançestr şəhərinə bir həftəlik səyahət turunu qazanmışdır. Qalib iştirakçı səfəri çərçivəsində Bakcell şirkətinin rəsmi tərəfdaşı olan “Mançestr Yunayted” klubu haqqında ətraflı məlumat alacaq, klubun ev oyunlarını keçirdiyi məşhur “Old Trafford” stadionu ilə yaxından tanış olacaq.
MultiMedia,
Bakcell
Date: 15.09.2015, 1164 users viewed this page. |