“Mətbuata xidmət edənlər” layihəsinin sorğu nəticələri açıqlandı

Azərbaycan Jurnalistlər Şəbəkəsi və “ACT Azərbaycan” araşdırma şirkətinin birgə keçirdiyi “Mətbuata xidmət edənlər” layihəsinin sorğu nəticələri iyulun 20-də ictimaiyyətə açıqlandı.

 

Layihəyə əsasən müxtəlif qurumların mətbuat katibləri sorğuda iştirak edərək 5 kateqoriya üzrə (iqtisadiyyat, siyasət, sosial, mədəniyyət və idman jurnalistikası) fəaliyyətini bəyəndikləri jurnalistləri müəyyən ediblər. Ölkənin fərqli media qurumlarında çalışan jurnalistlər isə öz növbələrində 2 sahə üzrə (dövlət strukturu və biznes strukturu) yaxşı hesab etdiyi mətbuat katiblərini seçiblər.

 

Sorğuda iştirak edən 70 mətbuat katibinin fikrincə seçilən 5 jurnalist bunlar olub:

  • İqtisadiyyat jurnalistikası üzrə Fins.az saytının rəhbəri Əli Əhmədov
  • Siyasət jurnalistikası üzrə “Yeni Müsavat”qəzetinin əməkdaşı Elşad Paşasoy
  • Sosial sahə jurnalistikası üzrə Modern.az saytının əməkdaşı Gülşən Raufqızı
  • İdman jurnalistikası üzrə ATV kanalının aparıcısı Sənan Şəfizadə
  • Mədəniyyət jurnalistikası üzrə isə APA-nın əməkdaşı Ülkər Qasımova.

 

Media ilə əlaqələrin qurulmasında ən məhsuldar çalışan mətbuat katibləri isə 100 jurnalist arasında keçirilmiş anket sorğusu əsasında müəyyənləşdirilib. Sorğuda iştirak edən jurnalistlər dövlət sektoru üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovaya daha çox səs veriblər. Özəl sektorda isə  “Bakcell” şirkətinin Korporativ Kommunikasiya bölməsinin rəhbəri Süheyla Cəfərova qalib olub.

 

Layihənin əsas məqsədi 22 iyul Milli Mətbuat Günü ərəfəsində  il ərzində mediada fəaliyyəti ilə fərqlənmiş ən yaxşı mətbuat katibləri və jurnalistlərin  adlarını müəyyənləşdirmək idi.

 

Bu layihə jurnalist Gülşanə Mustafayevanın  ideya müəllifliyi və təşəbbüsü əsasında ötən il həyata keçirilmiş “Mənim mətbuat katibim” layihəsinin davamıdır. Bu dəfə layihə daha da genişləndirilərək maraqlı tərəfləri bir araya gətirmiş, daha çox jurnalisti və mətbuat katibini əhatə etməyə hesablanmışdır.

Date: 20.07.2016, 420 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi