AJN Gəncədə "İnternet mediasında peşə etikası" mövzusunda tədbir keçirib

Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi “İnternet Mediasında peşə etikası” mövzusunda 6-7 iyul 2013-cü il tarixlərində Gəncə şəhəri, “Ramada Plaza” otelində seminar keçirib. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  maliyyə yardımı əsasında baş tutub.

 

Seminarın  təşkilində əsas məqsəd Azərbaycanda internet mediasında jurnalistlərin peşə etikası ilə bağlı mövcud vəziyyətin müzakirəsini təşkil etmək eləcə də müzakirələr əsasında təkliflər hazırlamaq və İnternet Mediası ilə bağlı qanuni tənzimləmələrə töhvə vermək olub.

 

Tədbirdə ölkənin aparıcı xəbər saytları, agentliklər, eləcə də regional mediada çalışan jurnalistlər, eyni zamanda yerli və xarici media mütəxəssisləri iştirak edib. Tədbirin açılışına qatılan Gəncə şəhər İH-nin başçısı Elmar Vəliyev iki gün davam edən müzakirələrdə iştirakçılara uğurlar arzu edib. O həmçinin media nümayəndələrinin Gəncənin sosial-iqtisadi inkişafı ilə bağlı suallarını da cavablandırıb.

 

İki günlük seminarda mütəxəssislərin mövzu ilə bağlı çıxışları dinlənilib və jurnalistlərin müzakirəsi üçün geniş imkanlar yaradılıb. İnternet Mediasında rast gəlinən peşə etikası problemləri ilə bağlı müzakirələrdə Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli quruma daxil olan şikayətlər barədə məlumat verib. Seminarın beynəlxalq təcrübə ilə bağlı hissəsində “Zaman-Azərbaycan” qəzetinin baş direktoru Süleyman Ünal Türkiyə və Avstraliya təcrübəsini iştirakçılarla bölüşüb.

 

Jurnalistlərin Gəncə səfərini maraqlı etmək üçün tarixi yerlərə ekskursiya  təşkil edilib, dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsi ziyarət olunub  və media nümayəndələri Gəncə şəhərində aparılan abadlıq və yenidənqurma işləri ilə tanış olublar.   Seminarın sonuncu günü Jurnalistlər həmçinin Hacıkəndə gəzinti turuna da gediblər.



 

 

Date: 10.07.2013, 804 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi