“Mətbuata xidmət edənlər” layihəsi

Azərbaycan Jurnalistlər Şəbəkəsi İB “ACT Azərbaycan” araşdırma şirkəti ilə birgə “Mətbuata xidmət edənlər” layihəsinin icrasına başlayır. Layihənin əsas məqsədi 22 iyul  Milli Mətbuat Günü ərəfəsində  il ərzində mediada fəaliyyəti ilə fərqlənmiş ən yaxşı mətbuat katibləri və jurnalistlərin  adlarını müəyyənləşdirməkdir. Bunun üçün layihə çərçivəsində jurnalistlər və mətbuat katibləri arasında sorğu keçiriləcək və sorğunun nəticələrinə görə ən çox qiymət toplayan media nümayəndələri və mətbuat katiblərinin adları ictimaiyyətə açıqlanacaqdır.

 

Layihə çərçivəsində media ilə əlaqələrin qurulmasında dövlət və özəl sektorda ən məhsuldar çalışan mətbuat katibləri 100 jurnalist arasında keçirilmiş anket sorğusu əsasında müəyyənləşdirləcəkdir. Eləcə də, anket sorğusuna cəlb olunacaq 50-dən çox mətbuat katibi  beş mövzu (siyasət, iqtisadiyyat, sosial, mədəniyyət və idman) üzrə il ərzində ən məhsuldar olmuş media nümayəndələrinin adlarını qeyd edərək ən yaxşı jurnalistlərin adlarını müəyyənləşdirəcəkdir.

 

Layihənin nəticələri 22 iyul Mətbuat Günü ərəfəsində geniş ictimaiyyətin diqqətinə çatdırılacaq.

 

Sorğuda iştirak etmək istəyən jurnalistlər onlar üçün nəzərdə tutulan əlavədəki bu anketi, mətbuat katiblər isə onlar üçün nəzərdə tutulan əlavədəki bu anketi dolduraraq az@act-global.com email ünvanına göndərə bilərlər.

 

Bu layihə jurnalist Gülşanə Mustafayevanın  ideya müəllifliyi və təşəbbüsü əsasında ötən il həyata keçirilmiş “Mənim mətbuat katibim” layihəsinin davamıdır. Bu dəfə layihə daha da genişləndirilərək maraqlı tərəfləri bir araya gətirmiş və daha çox jurnalisti əhatə etməyə hesablanmışdır.

Date: 01.07.2016, 848 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi