İnternet mediasında rast gəlinən problemlər Lənkəranda müzakirə olundu

Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  maliyyə yardımı ilə yeni media layihəsinin icrası çərçivəsində növbəti tədbirini Lənkəran şəhərində keçirib. Tədbirdə ölkənin aparıcı media təşkilatlarında çalışan jurnalistlər, eləcə də regionalarda fəaliyyət göstərən müxtəlif media qurumlarının təmsilçiləri iştirak edib.

 

“Mediada milli-mənəvi dəyərlər və ictimai davranış qaydalarının təbliği” mövzusunda keçirilən müzakirə sessiyasında son vaxtlar İnternet mediasında rast gəlinən əsas  problemlər qabardılıb  və ölkənin daxili informasiya təhlükəsizliyinn qorunmasında jurnalistlərin rolu xüsusi ilə vurğulanıb. Tədbirdə iştirak edən Mətbuat Şurasının sədr müavini, media eksperti Müşfiq Ələsgərli internet mediasında milli təhlükəsizlik məsələləri və dövlət sirri təşkil edən mövzularda jurnalistlərin ehtiyatlı mövqe nümayiş etdirməsinin vacib olmasını vurğulayaraq fikrini bir sıra real misallarla izah edib. Tədbir zamanı jurnalistlər mövzuya dair fikir bildirərək geniş müzakirə açmış və bu sahədəki vəziyyətin daha da yaxşılaşıdılması üçün müxtəlif təkliflər səsləndiriblər.

 

Tədbirdən sonra Bakıdan gələn jurnalistlər üçün Lənkəran şəhərinin tarixi və mədəni məkanları, o cümlədən görməli yerlərinə tur təşkil edilib. Səfər çərçivəsində tədbir iştirakçıları region televiziyası olan “Cənub TV”nin mərkəzi binası, studiyaları və kollektivi ilə yaxından tanış olublar.

 

 

Jurnalistlər üçün keçirilən bu tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşədirlən “Yeni  media təlimləri vasitəsi ilə milli-mənəvi dəyərlər və ictimai davranış qaydalarının təbliğinə dəstək” layihəsi çərçivəsində baş tutub. Azərbaycan Jurnalistlər Şəbəkəsi İB tərəfindən icra olunan layihə çərçivəsində artıq buna qədər ölkənin iki regionunda – Bərdə və Zaqatalada tədbirlər təşkil edilmiş, İnternet medianın verdiyi  üstünlüklərdən istifadə edərək milli-mənəvi dəyərlər və ictimai davranış qaydalarının təbliği istiqamətində maarifləndirmə işləri aparılmışdır.

AJNQHT Şurası 

Date: 29.07.2015, 373 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi