Gəncədə region gəncləri üçün yeni media təlimi keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Region gəncləri üçün sosial media məktəbi" layihəsi çərçivəsində Gəncə şəhərində yeni media təlimləri keçirilib. 15-16 mart tarixlərində baş tutan praktik təlimlərə Gəncə şəhəri və bu regiona yaxın bölgələrdə yaşayan gənclər qatılıb.

 

Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi tərəfindən xüsusi hazırlanmış təlim proqramı vasitəsilə region gənclərinə sosial mediadan effektiv istifadə qaydaları və onlayn jurnalistikaya dair bilik və bacarıqlar öyrədilib.

 

İki günlük praktik məşğələ və 3 həftəlik onlayn dərslərdən ibarət olan media layihəsinin məqsədi regionlarda yaşayan gənclərə yeni media bilikləri aşılamaq və yeni medianın bütün üstünlükləri barədə onlara bilik və bacarıqlar öyrətmək, həmçinin region gənclərinin inkişafına töhfə verməkdir.

 

"Region gəncləri üçün sosial media məktəbi" fərdi gəncin layihəsi olub və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqəsində qalib olub. Azərbaycan Jurnalistlər Şəbəkəsi İB, Gənclər üçün Təhsil Mərkəzi İB və Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatı Gənclər Birliyi layihənin uğurla icra olunması üçün təşkilatı və texniki dəstək göstərib.

Date: 21.03.2014, 830 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi