Mətbuat xidməti rəhbərləri Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edib

Azərbaycanın dövlət və hökumət qurumlarının mətbuat xidməti rəhbərləri  Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edib.  Proqram Azərbaycan Jurnalistlər Şəbəkəsi İB-nin təşəbüssü ilə  Türkiyə Nazirlər Kabineti yanında fəaliyyət göstərən Türk İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) Azərbaycan nümayəndəliyi  və  Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilib. Proqramın təşkilində əsas məqsəd mətbuat xidməti və ictimaiyyətlə əlaqələr sektorunun iş prinsiplərinə dair təcrübə mübadiləsini bölüşməkdən, həmçinin Türkiyə mediasının mətbuat xidmətləri ilə qarşılıqlı fəaliyyəti ilə tanışlıqdan ibarət olub.

 

Martın 24-də  Ankaradan başlayan səfər çərçivəsində TİKA-nın iqamətgahında , TRT-də , Türkiyənin Basın, Yayın və İnformasiya genel müdirliyində , Türkiyə Böyük Millət Məclisində görüşlər keçirilib. Səfərin İstanbul proqramı çərçivəsində Türkiyənin «Zaman» qəzetində, «Kanaltürk», «Samanyolu» telekanallarında da görüşlər baş tutub . Görüşlərdə Azərbaycanla Türkiyənin media sahəsindəki əməkdaşlığı məsələlərinə geniş yer verilməklə yanaşı, sözügedən kütləvi informasiya vasitələrinin dövlət qurumları ilə əlaqələrinin müxtəlif istiqamətlərindən söhbət açılıb, oxşar və fərqli məqamların təhlili aparılıb.

 

Altı günlük Türkiyə səfərində təşkilatçı qurumların təmsilçiləri ilə yanaşı, Azərbaycan Respublikası Daxili İşlər, Mədəniyyət və Turizm, Gənclər və İdman, Vergilər, Maliyyə, Ədliyyə Nazirliklərinin, Mərkəzi Seçki Komissiyasının, Dövlət Sosial Müdafiə Fondunun, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, «Bakıelektrikşəbəkə»nin və Azərbaycan Mətbuat Şurasının nümayəndələri iştirak ediblər.

Date: 26.06.2013, 823 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi